Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İmam Zamanla (ə.f) bağlı təlim və maarifin yayılması məqsədilə hazırlanan «İdeal cəmiyyətə doğru» adlı məhdəviyyət mövzuları silsiləsi hörmətli oxuculara təqdim olunur.
Həzrət Məhdi (ə.f) və onun qlobal inqilabı ilə bağlı bəzi Quran ayələri bunlardır:
Üçüncü ayə
«وَعَدَ اللَّهُ الَّذینَ آمَنُوا مِنْکُمْ وَ عَمِلُوا الصَّالِحاتِ لَیسْتَخْلِفَنَّهُمْ فِی الْأَرْضِ کَمَا اسْتَخْلَفَ الَّذینَ مِنْ قَبْلِهِمْ وَ لَیمَکِّنَنَّ لَهُمْ دینَهُمُ الَّذِی ارْتَضی لَهُمْ وَ لَیبَدِّلَنَّهُمْ مِنْ بَعْدِ خَوْفِهِمْ أَمْناً یعْبُدُونَنی لا یشْرِکُونَ بی شَیئاً وَ مَنْ کَفَرَ بَعْدَ ذلِکَ فَأُولئِکَ هُمُ الْفاسِقُونَ.»
(Nur surəsi, 55-ci ayə)
“Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir.”
Bu ayədən əvvəlki ayələrdə Allahın və Peyğəmbərin (s) əmrinə itaət və təslimçilikdən bəhs olunur. Bu ayədə isə həmin itaətin nəticəsi olan qlobal hakimiyyət məsələsi açıqlanır.
Bu ayə göstərir ki, Allah-taala saleh və mömin müsəlmanlara üç böyük vəd vermişdir:
1. Yer üzündə canişinlik və hakimiyyət;
2. Haqq dinin bütün dünyada yayılması;
3. Qorxu və təhlükəsizlik amillərinin aradan qalxması.
Nəticədə insanlar həmin dövrdə tam azadlıq içində Allaha ibadət edəcək, Onun əmrlərinə tabe olacaq, Ona heç bir şərik qoşmayacaq və həqiqi tövhidi bütün dünyaya yayacaqlar.
Diqqətəlayiq məqamlar
1. Bu ayədə qeyd olunan əvvəlki canişinlər kimlərdir?
Bu ayəyə əsasən, müsəlmanlardan əvvəl də yer üzündə ilahi canişinlik məqamına çatmış insanlar olmuşdur. Onlar kimlərdir?
Bəzi təfsirçilər bunun həzrət Adəm (ə), həzrət Davud (ə) və həzrət Süleymana (ə) aid olduğunu bildiriblər. Çünki Qurani-Kərim həzrət Adəm (ə) haqqında buyurur:
«إِنِّی جاعِلٌ فِی الْأَرْضِ خَلِیفَةً»
(Bəqərə surəsi, 2-ci surə, 30-cu ayə)
“Şübhəsiz, Mən yer üzündə bir canişin yaradacağam.”
Həzrət Davud (ə) barədə isə belə buyurulur:
«یا داوُدُ إِنَّا جَعَلْناکَ خَلِیفَةً فِی الْأَرْضِ»
(Sad surəsi, 26-cı ayə)
“Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik.”
Həzrət Süleyman (ə) da Nəml surəsinin 16-cı ayəsinə əsasən həzrət Davudun (ə) varisi olmuş və yer üzündə ilahi canişinlik məqamına çatmışdır.
Lakin bəzi digər müfəssirlər, o cümlədən mərhum Əllamə Təbatəbai, bu izahı zəif ehtimal hesab edib. Onların fikrincə, ayədə işlənən «الَّذینَ مِنْ قَبْلِهِمْ» ifadəsi peyğəmbərlərə deyil, əvvəlki ümmətlərə aiddir. Quranda bu ifadə peyğəmbərlər haqqında işlədilməmişdir. Buna görə də ayə imanlı və saleh olub yer üzündə hakimiyyət əldə edən əvvəlki xalqlara işarə edir.
Başqa bir qrup təfsirçi isə bu ayənin Bəni-İsrailə aid olduğunu qeyd etmişdir. Çünki həzrət Musanın (ə) zühurundan və Fironun hakimiyyətinin süqutundan sonra Bəni-İsrail yer üzündə hakimiyyətə sahib olmuşdur. Quranda buyurulur:
«وَ أَوْرَثْنَا الْقَوْمَ الَّذینَ کانُوا یسْتَضْعَفُونَ مَشارِقَ الْأَرْضِ وَ مَغارِبَهَا الَّتی بارَکْنا فیها»
(Əraf surəsi, 137-ci ayə)
“Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik.”
Həmçinin həmin qövm haqqında buyurur:
«وَ نُمَکِّنَ لَهُمْ فِی الْأَرْضِ»
“Biz iradə etmişik ki, zəif salınmış qövmü (mömin Bəni-İsraili) yer üzündə qüdrət və nüfuz sahibi edək, onları hakim mövqeyə çatdıraq.”
2. Bu ilahi vəd kimlərə aiddir?
Bu ayədə Allah-Taala yer üzündə hakimiyyət, din və məzhəbin üstünlüyü, eləcə də tam təhlükəsizlik nemətini mömin və saleh bir dəstəyə vəd etmişdir. Lakin bu vədin kimlərə aid olması məsələsində təfsir alimləri arasında fikir ayrılığı mövcuddur.
Bəzi müfəssirlər bu ayəni həzrət Məhdinin (ə.f) quracağı hakimiyyətə aid etmişlər. Həmin dövrdə dünyanın şərqi və qərbi onun hökumətinin bayrağı altında birləşəcək, haqq din bütün dünyada yayılacaq, qorxu, təhlükə və müharibə yer üzündən silinəcək, bütün bəşəriyyət üçün şirkdən uzaq, xalis ibadət gerçəkləşəcəkdir.
(Əl-MizanTəfsiri, c. 15, s. 218)
Şübhəsiz ki, bu ayə həm ilk müsəlmanlara, həm də həzrət Məhdinin (ə.f) hakimiyyətinə şamildir. Şiə və əhli-sünnə daxil olmaqla bütün müsəlmanların etiqadına görə, o həzrət yer üzünü ədalət və haqq ilə dolduracaqdır. Buna görə də o, bu ayənin ən kamil və aşkar nümunəsidir. Lakin bununla yanaşı, ayənin məfhumunun ümumiliyini məhdudlaşdırmaq olmaz.
Bəziləri belə deyirlər ki, ayədə işlədilən «الأرض» (yer üzü) sözü mütləq şəkildə işlədilmişdir və bütün yer kürəsini əhatə edir. Buna görə də bu ayə yalnız həzrət Məhdinin (ə.f) hökumətinə aid ola bilər. Lakin bu fikir ayədəki «کَمَا اسْتَخْلَفَ الَّذِینَ مِنْ قَبْلِهِمْ» (“onlardan əvvəlkiləri canişin etdiyi kimi”) ifadəsi ilə tam uyğun gəlmir. Çünki əvvəlki xalqların və hökmdarların hakimiyyəti bütün yer üzünü əhatə etməmişdir.
Bundan əlavə, ayənin nazil olma səbəbi də göstərir ki, bu vədin ən azı bir nümunəsi Peyğəmbərin (s) dövründə, hərçənd ömrünün son illərində, müsəlmanlar üçün gerçəkləşmişdir.
Qeyd etmək lazımdır ki, bütün peyğəmbərlərin zəhmətlərinin, onların davamlı təbliğ və dəvətlərinin bəhrəsi, tövhid hakimiyyətinin ən kamil nümunəsi, tam təhlükəsizlik və həqiqi ibadət mühiti həzrət Məhdinin (ə.f) zühuru dövründə reallaşacaqdır.
( Nümunə Təfsiri, c. 14, s. 530–532).
Əvvəldə qeyd edildiyi kimi, bu təfsirlər ayənin məna və nümunəsini yalnız bir şəxslə məhdudlaşdırmaq anlamına gəlmir. Əksinə, onun ən kamil və aşkar nümunəsini bəyan edir. Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, jəzrət bu ayənin təfsirində buyurmuşdur:
«نَزَلَتْ فِی الْمَهْدِیِّ عَلَیْهِ السَّلَامُ.»
(Şeyx Tusi, “Kitab əl-Ğeybə”, s. 177)
“Bu ayə həzrət Məhdi (ə) və onun səhabələri haqqında nazil olmuşdur.”
Mərhum Əllamə Təbatəbai bu barədə yazır:
“Bu pak və fəzilətli cəmiyyət, malik olduğu müqəddəslik və üstün xüsusiyyətlərlə indiyədək yer üzündə tam şəkildə formalaşmamışdır. Peyğəmbərin (s) risalətə göndərildiyi gündən bu günədək dünya belə bir cəmiyyət görməmişdir. Buna görə də əgər bu ayənin tam və kamil nümunəsi gerçəkləşəcəksə, bu, həzrət Məhdinin (ə.f) dövründə olacaqdır. Çünki Peyğəmbərdən (s) və Əhli-beyt imamlarından (ə) nəql olunan mütəvatir hədislər həmin həzrətin belə bir cəmiyyət quracağını xəbər verir. Əlbəttə, bu o zaman doğrudur ki, ayədəki müraciəti yalnız həzrət Məhdiyə (ə.f) deyil, saleh cəmiyyətə aid hesab edək.”
Sonra o əlavə edir:
“Bəlkə soruşasınız: Bu nəzəriyyəyə əsasən, ayənin nazil olduğu dövrdə müraciətin «الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحَاتِ» ifadəsi ilə həmin insanlara yönəlməsinin mənası nədir? Axı o zaman həzrət Məhdi (ə.f) hələ dünyaya gəlməmişdi və onun dövrünün insanları da mövcud deyildi.
Cavab budur ki, bu sual fərdi müraciətlə ictimai müraciətin bir-birinə qarışdırılmasından irəli gəlir. Çünki müraciət iki şəkildə ola bilər:
Birincisi, insanlara onların şəxsiyyətləri nəzərə alınaraq müraciət edilir. Bu halda müraciət yalnız həmin şəxslərə aiddir və başqalarını əhatə etmir.
İkincisi isə, müraciət müəyyən xüsusiyyətlərə malik bir qrupa yönəlir. Bu zaman konkret şəxslər deyil, həmin sifətlərə malik olanlar nəzərdə tutulur. Belə olduqda ayənin hökmü sonrakı dövrlərdə həmin sifətlərə malik olan insanlara da şamil olur.
Bu ayədəki müraciət ikinci növdəndir. Qurandakı möminlərə və ya kafirlərə yönələn müraciətlərin əksəriyyəti də bu qəbildəndir.”
(“Əl-Mizan” təfsirinin tərcüməsi, c. 15, s. 220)
“Məcməul-Bəyan” Təfsirində «وَعَدَ اللَّهُ الَّذِینَ آمَنُوا مِنْکُمْ...» ayəsinin təfsirində belə qeyd olunur:
“Müfəssirlər «الَّذِینَ آمَنُوا مِنْکُمْ» ifadəsinin kimlərə aid olması barədə müxtəlif fikirlər söyləmişlər. Əhli-beytdən (ə) nəql olunan rəvayətlərə görə, burada məqsəd Məhəmməd Peyğəmbərin ailəsindən olan Məhdidir (ə.f).”
Əyyaşi öz sənədi ilə İmam Səccad (ə) nəql edir ki, həzrət bu ayəni tilavət etdikdən sonra buyurdu:
“Allaha and olsun ki, burada nəzərdə tutulanlar bizim Əhli-beytin şiələridir. Allah bu vədini bizim ailədən olan bir şəxsin vasitəsilə həyata keçirəcəkdir və o, bu ümmətin Məhdisidir.
O, həmin şəxsdir ki, Allahın Rəsulu (s) onun haqqında buyurmuşdur:
"Əgər dünyanın ömründən yalnız bir gün qalsa belə, Allah o günü o qədər uzadacaq ki, mənim itrətimdən olan, mənim adımı daşıyan bir şəxs qiyam etsin. O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalət və insafla dolduracaqdır."
Bu məzmunda hədislər İmam Baqir (ə) və İmam Sadiqdən (ə) də nəql olunmuşdur.
(“Məcməul-Bəyan”, c. 7, s. 52)
Bu mövzuların ardı var...
Mənbə: “Dəsnamei Məhdəviyyət ” kitabından müəyyən dəyişikliklərlə.
Müəllif: Xudamurad Səlimiyan
Rəyiniz